Müsahibə, Sosial, ZZ-Manşet

Firuz Mustafa: “Məncə ən ciddi janr komediyadır”

firuz-mustafa“Bu gün teatrlarımız dramaturq yox, rejissor korluğu çəkir. Çünki dünyada o qədər dram əsərləri mövcuddur ki, onlara hər rejissor fərqli yanaşa bilər”.

Bu sözləri dramaturq Firuz Mustafa  GSR.fm-də yayımlanan “Radio Kitab” verilişində müasir dramaturgiyadan danışarkən deyib. O, müasir dramaturqların əsərlərinin dünyada tanınmamasının əsas səbəbini də açıqlayıb:

“Hərdən dostlarımızla söhbət edərkən, bildirirlər ki, yaxşı əsər tapa bilmirik, mən onlara yaxşı əsərlərin uzun siyahısını deyirəm. Öz əsərlərimizi bəyənmirlərsə, Avropada, Şərq ölkələrində  yazılan əsərlərə müraciət etsinlər. Məsələn, Şekspri, Qorkini səhnələşdirsinlər. Rejissorlar bizim olmalıdır düzdür, amma dünyada yazılmış istənilən dram əsərinə müraciət edə bilərlər. Məntiqlə də yanaşanda görürsən  ki, rejissor qıtlığı ola bilər, əsər qıtlığı ola bilməz. Necə olur ki, 25 il bundan əvvəl səhnəyə qoyulurdu, geniş tamaşaçı kütləsi tərəfindən izlənirdi. İndi olmur? Bizim dramaturqların əsas problemi odur ki, onların əsərləri  dünya miqyasına çıxa bilmir. Bunun da müxtəlif səbəbləri var. Bu səbəblərdən ən başlıcası əsərin tərcümə olunmamasıdır. Əsər gərək ingilis, fransız, alman, rus, türk dillərinə tərcümə olunsun ki,  xaricidə də tanınsın. İmkan da yoxdur ki, hər dramaturq öz cibindən tərcümə etdirsin. Gərək bunun üçün ayrıca qurum yaradılsın. İndiyə qədər heç kəs mənə demiyib ki, “gəl sənin bir əsərini tərcümə edək”. Nə edirəmsə, öz gücümlə edirəm. Komediya yazarkən çox ciddi yanaşıram”.

Yazar onu da qeyd edib ki, bu gün dramaturqlar daha çox dramatik növün dram janrında yazırlar:

“Bu gün dramaturqlar daha çox dramatik növün dram janrında yazmağa üstünlük verirlər. Tamaşaçı isə daha çox əylənmək və gülmək  istəyir. Yəni komediya istəyirlər. Bu da, təbiidir. Yaşadığımız həyat faciələrlə, dramatizmlə bağlıdır. İstəyirlər ki, stress atıb, bu düşüncələrdən xilas olsunlar. Dramaturq üçün dram yazmaq daha rahatdır. Açığı desəm,  baxmayaraq ki komediya yazmışam,  amma mənim üçün komediya yazmaq çətindir. Məsələn, bəzi dramlarım var idi ki, faciə kimi yazmışdım, amma səhnəyə komediya kimi qoydular.  İnsanı güldürmək, ağlatmaqdan çətindir. O qədər situasiya seçməlisən ki, tamaşaçı həm gülsün,  həm də ağlasın. Məncə ən ciddi janr komediyadır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.