Təhsil

“Hər kəs seçdiyi təhsil formasında oxuya biləcək”

Müsahibimiz Pərvanə bu il 1-ci qrupa imtahan verib və 400 bal toplayıb. İkinci təhsili olduğu üçün işləmək istədiyini bildirir. Ancaq o, əyani təhsili qiyabi təhsildən üstün saydığı üçün hansı təhsil formasında oxumaq istədiyinə qərar verə bilmədiyini söyləyir.

Pərvanə:

–         Düzünü deyim ki, mənim istədiyim ixtisasa düşürəm. Əyani istəyirəm ancaq əyanidəki iş söhbəti var ona görə seçim qarşısında qalmışam. İş söhbətinə görə tutmur.

2-ci qrupa imtahan verib, 540 bal toplayan Camal Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsində əyani  təhsil almaq istədiyini deyir.

Camal Hüseynov:

–         Əyani sərf eləyir. Çünki qiyabidə əsgərlik birincidir. Mən də istəyirəm birinci oxuyum sonra əsgər gedim.   

Əvvəlki illərdən fərqli olaraq bu ildən tələbələrə istənilən təhsil formasını seçməkdə sərbəstlik verilib. Yəni hər hansı bir ixtisasa daxil olan tələbə əyani və ya qiyabi təhsil alacağını özü seçəcək. Bu sözləri bizə  Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyir.

Elnur Nağızadə:

–         Vahid kod olur və qəbul olduqdan sonra qeydiyyatdan keçərkən hansı təhsil formasını istəyirlər, seçirlər. Burda hər hansı bir məhdudiyyət yoxdur. Hansı ixtisasdakı həm əyani, həm qiyabi təhsil forması mövcuddur, həmin ixtisasları seçəndə tələbə adını qazanmış şəxs universitetdə müəyyənləşdirir. İxtisaslar üzrə qəbul olanların hamısı əgər əyani formanı seçirlərsə, onlar demək əyanidə də oxuyacaqlar.

Hər kəs əyani təhsil formasını seçsə, onda qiyabi təhsil necə olacaq? Bu forma özü tələbələrə nə qədər sərbəstlik verir? Suallarıımızı cavablandıran TQDK rəsmisi deyir ki, ola bilər ki, məktəbi yeni bitirən oğlanlar əsgərlik probleminə görə qiyabi təhsil formasını seçməsinlər. Amma bu o demək deyil ki, tələbələrin hamısı əyani təhsil formasında oxumaq istəyirlər.

Elnur Nağızadə:

–         İndidən demək çətindir ki, elə hamı əyani təhsil formasını seçəcək. Bəzən xüsusəndə qız tələbələr, hərbi xidməti başa vurmuş oğlanlar, həm oxuyub həm işləməyə üstünlük verən gənclər üçün qiyabi təhsil formasını daha məqbul variant hesab olunur.  

Yeni qəbul olunan metodun işləmək istəyən tələbələrə sərf edəcəyini deyən Telebe.az portalının rəhbəri Mürsəl Əliyev düşünür ki, tələbələr əyani təhsili, qiyabi təhsildən üstün saydıqları üçün daha çox əyani təhsil formasını seçəcəklər.

Mürsəl Əliyev:

–         Onsuzda qiyabilərin sayı azdır yəni plan yerlərində qiyabilərin sayı çox az olur. Burda açığı deyim biraz məni qorxudur ki, burda hər hansı bir korrupsiya faktı da ola bilər. Kimisə pul versinlər ki, qiyabiyə salınsın və yaxud kimsə pul versin ki, əyaniyə salınsın.

Əsas məqsəd tələbələrə sərbəstlik vermək olsa da, bu qərarın necə tətbiq olunacağını tələbələr qəbul olduqları universitetlərdə qeydiyyatdan keçdikdən sonra müzakirə etmək olar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.