boş bölmə, Siyasət

İqtisadiyyatın “İsrail” modeli

GIRIŞ

Müasir dövrümüzdə iqtisadiyyatda baş verən dəyişikliklərin nəinki inkişafda olan ölkələri, hətta sənayesinə görə beynəlxalq aləmdə öz sözünü demiş dövlətləri belə sarsıtdığının şahidi oluruq. Baş verən hadisələr müasir Azərbaycan Respublikasının təməlini atan şəxslərdən biri olan, ümumilli liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözlərinin özəl bir məna daşıdığını bir daha sübut edir. Əlbəttə ki, hal-hazırda “Dünyanın nəhəngləri” adlandırdığımız dövlətlər uzun tarixi dövrü əhatə edən təcrübələri hesabına iqtisadi manevrlər edərək, hər hansı bir çətin sütuasiyadan az zərərlə çıxmağı bacarırlar. Bu anda belə bir sual ortaya çıxa bilər: “Bəs, Azərbaycan Respublikası kimi müstəqilliyini yenicə bərpa etmiş, dünyada ən ideal iqtisadi sistem adlandırılan bazar iqtisadiyyatına yenicə qədəm qoymuş ölkələrin az müddətdə yüksək iqtisadi nailiyyətlər əldə etmələrinə, bir növ “dünya brendi” olmalarına imkan varmı?” Əlbəttə ki, bu mümkündür, hətta təbii sərvətin yoxsa belə…

1948-ci ilin mayı əlbəttə ki, bütün ölkələr üçün fərqli məna kəsb edə bilər, lakin bir toplum var ki, bu tarixə onlar tərəfindən fərqli anlam yüklənir. Bu, İsrailin öz müstəqilliyini elan etdiyi tarixdir, bəhs edəcəyim mövzu isə qısa müddətdə necə belə dayanıqlı iqtisadiyyata sahib olmaqdır.

Məqaləmin mərkəzinə İsraili qoymağımın başqa bir səbəbi isə hər iki tərəf üçün xüsusi dəyərə malik Azərbaycan-İsrail münasibətləridir ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyini bəyan etdikdən sonra ilk öncə qardaş Türkiyə noyabr ayında, daha sonra isə İsrail dekabr ayının 25-də müstəqilliyimizi rəsmən tanıdılar. İsrailin Azərbaycanla diplomatik əlaqələrinin rəsmi olaraq qurulması isə 7 aprel 1992-ci ilə təsadüf edir.

MƏTN

Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşən İsrail dövləti iqtisadiyyatına görə dünyanın ən güclü 20 ölkəsindən biridir. BMT-nin inkişaf proqramının   “İnsan İnkişafı İndeksi”nə əsasən “Yüksək inkişaflı ölkələr” kateqoriyasına aid olan İsrail, həyat standartlarına görə bir çox Qərbi Avropa ölkələrini belə üstələməkdədir. Müasir infrastruktur və yüksək texnlogiya bu dövlətə səhrada Silikon Vadisinin anoloqunu yaratmağa imkan yaratmışdır.

Təbii ehtiyatlar baxımından kasıb olan İsrail, idxaldan asılı bir ölkədir. İsrailin idxalını neft,buğda və müxtəlif xammal növləri təşkil edir. Lakin son dövrdə Aralıq dənizinin İsrailə aid hissəsində yeni qaz yataqlarının aşkarı İsraili təbii qaz ixrac edən ölkəyə çevirə bilər.

Ölkədə 60-a yaxın İES (istilik Elektrik Stansiyası ) fəaliyyət göstərir və hər il ərzində 30 mlrd. kvt/saat elektrik enerjisi istehsal olunur. Bu stansiyaların böyük bir qismi də məhz idxal olunan mazutla işləyir.

İsraillilərin ən diqqətəlayiq davranışları məhz onların mövcud hər şeydən faydalı şəkildə və sonuna qədər istifadə etmələridir. Arid iqlim ölkədə bəzi sahələrin inkişafına mane olsa da, digər tərəfədən, əldə edilən Günəş enerjisi İsrail əhalisinin enerjiə tələbatının 40%-ni ödəyir.

İsrailin dünyada tanınan sənaye sahələrindən biri də almaz sənayesidir. 2016-cı ilin göstəricilərinə əsasən ümumi ixracın 23.2% almazın payına düşür və o, ölkənin ən çox ixrac olunan məhsulu olmaqla dünya ixracının da 12%-ni təşkil edir.

Ramat Qanda Almaz Mübadiləsi bölgəsi

Ölkədə inkişaf etmiş digər bir sahə də məhz kənd təsərrüfatıdır. Qeyd edə bilərik ki, kənd təsərrüfatında müasir İsrail iqtisadiyyatının “rüşeym”ləri qoyulmuşdur. Çünki onlar hər şeyə məhz torpaqdan başlamışlar. İsrailin 9-cu prezidenti Şimon Peresin bildirdiyi kimi ilk dəfə Hi-Tech texnologiyasını kənd təsərrüfatına tətbiq edən də məhz İsrail olmuşdur. Vaxtilə şirin su qaynaqlarının olmaması burada məhsul yetişdirməyə imkan verməsə də, yaradılan təkrar istifadəli sulama sistemi və bitkiçilikdə o dövr üçün ən mükəmməl ideya hesab olunan suvarmada isti sudan istifadə hal-hazırda İsrail iqtisadiyyatına ixracdan hər il 700 mln. dollar dəyərində gəlir gətirir. Ölkədə əkin sahələri 700 min. hektarı əhatə edir və bunun da 65% yaxını suvarılmayan ( dəmyə əkinçiliyi ) sahələrdir.

İsrail heyvandarlıq sahəsində də xüsusi ada sahib bir ölkədir. O, bu sahənin inkişafında yerli ərəb mənşəli əhalinin adət ənənələrindən və Qərbi Avropanın bu yöndə nailiyyətlətindən səmərəli şəkildə istifadə etmişdir.

İsrail özünün nəqliyyat keyfiyyətinə görə də ön sıralardadır. Dəmir yol, avtomobil, dəniz nəqliyyatı yüksək inkişaf etmişdir. Burada istisna rolunu isə məhz çay nəqliyyatı oynayır. Hava nəqliyyatı isə İsraildə beynəlxalq əhəmiyyətə malikdir. Ölkədə 3 port mövcuddur ki bunlardan ən məşhuru da Haifadır.

Haifa limanı

Nəticə

İsrailin 9-cu prezidenti, 93 yaşında vəfat etmiş Şimon Peresin Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş Yalta Avropa Strategiyası konfransında söylədiyi nitq belə bir nəhəng iqtisadiyyatın necə qurulduğunun açıqlaması olmaqla yanaşı, bir çox ölkələrin də motivasiya qaynağıdır: “Biz bu torpaqlara ilk dəfə ayaq basanda heç də məmnun olmamışdıq. O zamanlar belə bir fikir var idi ki, Yaxın Şərq ölkəsidirsə ya neftlə zəngin olmalıdr, ya da müqəddəs torpaq olmalıdır, amma bizdə bunlardan heç biri deyildi. Bura gələndə şirin su mənbələrimiz belə yox idi. Torpaq əkinçilik üçün yararsız idi, lakin biz ilk  dəfə olaraq kənd təsərrüfatının “Hi-Tech”ə əsaslanan strukturunu yaratdıq. Unutmaq lazım deyil ki, hər şey təbii resursdan asılı deyil. Bizim heç bir təbii resursumuz yox idi , ona görə də biz ən dəyərli resurs olan insandan istifadə etdik və bu gün iqtisadiyyatımız dünyanın ən güclüləri sırasındadır”.

Heç bir təbii ehtiyatı olmayan, hər şeyi sıfırdan yaradan bir ölkənin həyat yolu bir çox dövlətlərə örnəkdir. Başdan-başa təbii ehtiyatla zəngin olan ölkəmizin də belə nailiyyələr əldə edəcəyi heç birimizdə şübhə doğurmur.

Nurlan Paşazadə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.