Aktual

Köhnə taksi sürücülərinin yeni dərdi

Rəhim Abdullayev :

–    Yəni, mən 5 il işləmişəm bunlar üçün gecə-gündüz. Plan çıxmayıb, borc da alıb aparmışam plana görə. İndi maşın qalıb mənə. Mən bu günü gözləmişəm ki, 5 il əziyyətdən sonra mən özüm üçün işləyim, öz ailəmi normal dolandıra bilim. İndi belə bir qanun çıxardırlar ki, özəl taksilərə işləməyə icazə verilmir, lisenziya verilmir.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxladıq. Namiq bəy  köhnə taksilərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş dövlət standartlarına uyğun olmadığını, buna görə də həmin taksilərə lisenziya verilmədiyini deyir. Onun sözlərinə görə, lisenziya şərtlərini pozan sürücülər 50 manata qədər, lisenziyası olmayan sürücülər isə 100 manat məbləğində cərimə olunacaqlar.

Namiq Həsənov :

–      Lisenziya ona görə verilməyəcək ki, onlar standartlara cavab vermir. Yəni, lisenziya almaq üçün 15-ə yaxın şərt var ki, o şərtlər ödənilməlidir. O şərtləri ödəməyən, o şərtlərə yaramayan nəqliyyat vasitələrinə lisenziyalar verilməyəcək. Eyni zamanda, Bakı şəhəri üçün müəyyən kvota var. O kvota müəyyənləşdirildikdən sonra yəni, Bakının ehtiyacları ödəndikdən sonra digər taksilərin fəaliyyət göstərməsinə ehtiyac qalmayacaq.

“Standartlara görə taksi minik avtomobillərinin üzərində şahmat qaydasında düzülmüş dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan və sırf taksi kimi istifadə olunması məqsədilə istehsal edilən avtomobillərdə isə zavodun vurduğu fanar olmalıdır” bu şərtlərlə bizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı tanış edir. O, həmçinin deyir ki :

–        Taksi minik avtomobilləri Bakı şəhərində bənövşəyi, Sumqayıt şəhərində ağ, Gəncə şəhərində boz, digər şəhər və rayonlarda bej, şəhərlərarası daşımalarda istifadə olunan taksi minik avtomobillərində isə albalı rəngində olmalıdır. Yəni, bu standartın tələbləri məcburidir. 

“Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartında taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş standartların digər maddələrini görmək istəsək də, Fazil bəy sənədi bizə göstərməkdən imtina etdi. O, standartları qəbul edərkən beynəlxalq praktikaya əsaslandıqlarını və standartların Nəqliyyat Nazirliyi tərəfindən hazırlandığını bildirir. Fazil bəy şəhərin gözəlləşməsində taksilərin böyük əhəmiyyət daşıdığını və atılan bu addımın uğurlu olacağını düşünür.

Fazil Talıblı :

–        Bu standart Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən işlənib-hazırlanıb və Komitəyə təqdim edilib. Komitə təbii ki, öz növbəsində ekspertizasını  həyata keçirib, əlavə və dəyişikliklər edildikdən sonra standart qəbul edilib. Xarici ölkələrdə, xarici şəhərlərdə bu standartlar tətbiq edilir. Bu məsələdə biz yenilik etməmişik.

Uzun illərdən sonra artıq taksini özəlləşdirmiş Rəhim dayı isə deyir ki, əgər mən öz işimi məsuliyyətlə yerinə yetirib, dövlətin vergisini vaxtı-vaxtında ödəyirəmsə, nə üçün hansısa standartı bəhanə edərək mənim fəaliyyətimə qadağa qoyulmalıdır? Bizə təklif edirlər ki, gəlib yeni London taksilərindən götürüb işləyə  bilərsiniz. Amma günlük plan çox olduğu üçün orada da işləyə bilmirik.

Rəhim Abdullayev

Rəhim dayı :

–       Təklif edirlər ki, işləmək istəyirsənsə gəl biz gətirdiyimiz maşınlarda işlə, orada     da bildiyinizə görə plan çoxdur. O pulu gündəlik vermək olmaz. Gecə-gündüz gərək maşında yatıb qalasan ki, bəlkə o pulu çıxara biləsən oda ki, hər gün  olmur.

Namiq Həsənov isə Nazirliyə daxil olan müraciətlərdən sonra planın tamamilə ləğv olunduğunu, bundan sonra taksi sürücülərinin taksometrin göstəricisinə əsasən ödəniş edəcəklərini bildirir.

Namiq Həsənov :

–        Əgər o adam istəyirsə, gəlib təzə taksilərdən götürə bilər. Binəqədi avtobus parkında getsin, orada London taksiləri var, götürüb sürə bilər.

–        Taksiçilər deyir ki, günlük plan çoxdur biz ona görə getmirik..

–        Plan çox idi, hətta biz planı sıfıra endirdik. Getsin sıfır planla işləsin taksometr nə yazar   onu da ödəsin şirkətə, aylıq maaşını da alsın.

Nəqliyyat Nazirliyinin tərkibində yaradılmış “Bakı Taksi MMC”-nin satış və marketinq üzrə mütəxəssisi Maya Dadaşova isə deyir ki, biz taksilərdən sayğacın göstəricisinə əsasən gündəlik pul almırıq, bizdə ödəniş kilometraja görədir. Belə ki, 100 kilometr məsafəni sürücü neçə günə sürürsə, həmin məsafə üçün 40 manat ödəməlidir. Təbii ki, biz boş gedişləri də nəzərə alırıq.

Maya Dadaşova :

–        100 kilometrə 40 manatdır bizdə.

–        Yəni, günlük 40 manat ödəmək məcburiyyətdir yoxsa yox?

–        Məcburiyyət deyil, 2 günə də ödəyə bilər. Sürdüyü məsafədən asılıdır, bəlkə 100 km məsafəni 3 günə sürəcək . Buna görə də, hər gün  ondan hər hansı bir məbləğ alınmır.

Bu məsələ ilə bağlı London taksilərində işləyən sürücülərin fikirlərini öyrənmək istədik. Onların çoxu işlərini itirməkdən qorxduqları üçün danışmaqdan imtina edirdi. Nəhayət, London taksi sürücüsü Şahmurad Abbasov danışır. O deyir ki,  indi biz 3-4 gündən bir ödənişə gedirik. 100 km məsafə üçün 40 manat ödəməliyik buda 3 günə təxminən 120 manat edir. Mən isə bu dəfə ancaq 110 manat ödəyə bildim.

Şahmurad Abbasov :   

–        200 km təxminən 40 manatdır. Yəni yanacağı özləri ödəyirlər, biz isə 40 manat ödəniş edirik. 3 günə 40 manatdan hesabladıqda 120 manat edir. Mən isə 10 manat əskik vermişəmdə.  100 kilometrdən 40 manat çıxırlarsa, 100 km də boş verirlər.

Bildirək ki, London taksilərində qiymət sayğacın göstəricisinə əsasən təyin olunur. Sayğac ilk 10 kilometr məsafədə 70 qəpik, 10 kilometrdən – 20 kilometrə qədər 40 qəpik, 20 kilometrdən yuxarı isə hər kilometrə 20 qəpik yazır. Həm də digər taksi xidmətlərindən fərqli olaraq bu taksilər müəyyən bir  müddətdən sonra özəlləşərək sürücünün mülkiyyətinə verilmir.

Tarif Şurasının təsdiq etdiyi qiymətlərin hansı prinsiplər əsasında təyin olunduğunu öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxlamalısınız. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə zənglərimizə cavab vermədi.

Hazırda paytaxtdakı London taksilərin sayı 300-ə qədərdir və ilin sonuna kimi bu rəqəmin 1000-ə çatacağı gözlənilir. Nəqliyyat Nazirliyinin açıqlamasına görə yeni taksilərin gətirilməsi prosesi başa çatdıqdan sonra köhnə taksilər tamamilə yığışdırılacaq. Amma Rəhim dayı və onun kimi minlərlə sürücü isə buna inanmaq istəmir. İndi heç onlar özləri də bilmirlər ki, başlarına nə gələcək. Sadəcə  bir ümidlə hər şeyin yaxşı olacağı günü gözləyirlər.

–        Bilmirik necə olacaq, nətər olacaq amma hər halda ümid var ki, yaxşı olacaq bir belə sürücünü işsiz qoymazlar.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.