Təmas Xətti, Z-Manset

“Mən də deyəsən “sırtıq” uşaq olmuşam” - Təmas Xətti

Bu gündən GSR.fm-də yeni rubrika  –  “Təmas xətti”  yayımlanmağa  başlayır.

Bu rubrikada sənətlərində uğura nail olan müsahiblərimiz peşəkarlığa aparan yolun sirrlərini gənclərə ötürür. Bununla da yaşlı nəslin gənc nəsillə təması yaranır.

Nəsillər arası uçurumu “Təmas xətti”ndə aradan qaldırıb, hər bir qonağın həyatında gənclərə motivasiya verəcək nüansları üzə çıxarıb, onların nümunəsində çətinlikləri aşmağı və mütləq uğura çatmağın yolarını gənc oxucularımıza təqdim edirik.

“Təmas xətti” rubrikamızın ilk qonağı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzovdur.  

Qonağımızla söhbətimizə kənddəki həyatından, uşaqlıq illərindən danışmaqla başlayırıq.

– Biləsuvarda  böyümüşəm, Səmədabad kəndində. Uşaq vaxtı futbola marağım vardı. Kənddə çox məşğuliyyət olmadığından futbol oynayır, kənddəki uşaqlarla kanalda üzürdüm. Atam dülgər olub, anam evdar qadın. Atam müharibə veteranı olub, Berlinə kimi gedənlərdəndir. Amma həm də, dindar idi.

men_de_deyesen_sirtiq_usaq_olmusam

Məktəb vaxtlarında əlaçı olmadığını, dərslərini yaxşı oxumadığını deyir.

Əlaçı olmamışam amma çox lazımlı şagird olmuşam. Demək olar ki, bütün tədbirlərdə iştirak edirdim. Əslində dayım nümunə olub hamımıza.  Oxumağımıza, irəli getməyimizə.

Soruşuram ki, necə oldu ki, onda aktyorluğa maraq qığılcımları oyandı?

– Ayda, ildə bir tamaşa teatrları verərdilər.  Mən də həmişə özümü o aktyorların sırasında xəyal edərdim. “Məhv olmuş gündəliklər”  tamaşası isə ən güclü təkan oldu. O dövrün gənclərinin həyatından bəhs edirdi. Tamaşada teatrın gəncləri oynayırdı: Şəfiqə  Məmmədova, Səməndər Rzayev, Fuad Poladov, Kamal Xudaverdiyev, Amaliya Pənahova. Və mən onların tərcümeyi-halını biləndən sonra çox yaş fərqimiz olmadığını gördüm. Bu isə məni daha da ürəkləndirdi.

-Hərdən məndən soruşurlar ki, necə oldu bu sənəti sevdiniz? Deyirəm Vallah bilmirəm. Hansısa peşəni sevmək, ümumiyyətlə insanın öz peşəsini sevməsi ilk məhəbbət kimidir. Yəni sevəndə bilmirsən niyə sevirsən, əgər bilirsənsə niyə sevirsən artıq o sevgi deyil. (gülür)

Və bu qığılcımlar yavaş-yavaş böyüdü.

– Həvəsliydim sənətin dalınca getməyə.

Ailəsi onu hər sənətdə görürdü, bircə aktyorluqdan başqa…

– Atam məni hərbiçi, anam isə hüquqşünas görmək istəyirdi.

IMG_1994pp

O isə öz arzusunun dalınca getməyi seçir. Elə bu istəklə də Bakıya gəlir. Amma universitetə dərhal qəbul ola bilmir. İşləməyə başlayır.

– “Köhnə 26-lar” mətbəəsi vardı  oranın blank sexində fəhlə işləyirdim. Sonra 3 nömrəli tikinti ev kombinatında işlədim. Kinoya çəkilirmiş kimi işləyirdim. Blank sexində ağır rulonlar vardı. Hansı ki heç kimin gücü çatmırdı. Gəlib özümü pəhləvan kimi hiss edib özüm qaldırırdım. Sevdiyim qız vardı. Elə bilirdim məni kənardan çəkib ona göstərəcəklər. Ona görə də özümü bir az səliqəli, tərbiyəli aparırdım. İşləyə-işləyə bir  yandan da universitetə hazırlaşırdım

Aktyor olmaq arzusu ilə sənədlərini ailəsindən gizlin Mədəniyyət və İncəsənət Univeristetinə verir. Bu dəfə də alınmır. Qabiliyyət imtahanından kəsilir. Amma bəxti gətirir. Yazısını bəyənən Rahib Hüseynov ona başqa bir universitet seçməyini, 1 il sonra onu Mədəniyyət və İncəsənət Universitetinə keçirə biləcəyini deyir.

-Məni birbaşa 2-ci kursa keçirdilər. Sinif nümayəndəsi seçildim, həm də əlaçı təqaüdü alırdım. Uzun müddət evdə elə bildilər ki, mən Azərbaycan Pedoqoji Universitetində oxuyuram. Xeyli gizlədə bilmişdim. 3 – 4-cü kursda oxuyanda birinci dəfə televiziyaya çıxanda kəndə səs yayıldı. Atamgil bildi və məndən incidilər. Atam “Mən sizi dünyalar qədər sevirdim” filmində “Həzi Aslanov” roluna çəkilənə kimi mənimlə barışmadı.

Bu yerdə dayanıb, bir az düşünür və “mən də deyəsən sırtıq uşaq olmuşam” deyib gülür. Və davam edir:

– Mən arzumun dalınca inadkarlıqla getdim. Əsas da odur. Mənə elə gəlir ki, hər kəsin hədəfi olmalıdır həyatda. Və hədəfə doğru getməlisən. Hədəfsiz getsən azacaqsan. Onun-bunun iradəsi ilə axırda bilməyəcəksən nə olacaqsan?!  Mən ürəyimdə vurulduğum hədəfin ardınca inamla və sirrlərini öyrənərək getdim.

IMG_1991pp

Ailə həyatından söhbət açıram. Deyir mən tez evlənənlərdənəm.

– Universitetdə oxuyarkən evləndim. Bizi əslində səhnə bağladı bir-birimizə. Tədbirlərin birində səsindən xoşum gəlmişdi. Sonra gördüm ki, bu səs üçün yavaş-yavaş darıxıram. 9-10-cu sinifdə oxuyanda bizim sevgimiz artıq məşhur idi kənddə. Mən Bakıya gəlmişdim. Sonra o da gəldi Musiqi Texnikumunda oxumağa. Burda təsadüfən qarşılaşdıq. Evləndik.

İndi gənclərin əksəriyyəti gec yaşda evlənməyə üstünlük verirlər.

– Gec deyəndə məncə ideal yaş 25-27 yaş aralığıdı.

Amma siz daha tez evlənmisiniz

-Mən tez vurulmuşdum, neyləyim? (gülür)

-Bəs gənc yaşda evlilik çətin olmadı? 

– Pul, qazanc heç vaxt çox olmur. Evin varsa, artıq evlən. Yəni otur gözlə ki mən elə edim ki, bütün geyimlərimi də ödəyim, marağımı da ödəyim, yayda istirahətimi edim. Bu iştahla yaşasan çətin. Bəlkə də mənim evim var idi deyə belə rahat danışıram. Amma mən neçə adam tanıyıram ki neçə illər kirayə yaşayıblar. Ta ki ev alana qədər. Onlar sınmırdılar, əksinə kirayə qalmaq, bir- birinə kömək etmək onları daha da birləşdirirdi. Bu mənada əsas istəkdir, əgər istək varsa sevirsənsə qorxma, hər şey alınacaq.

Universiteti bitirəndən sonra  təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilmisiniz. Burada Mixail Lermontovun “Maskarad” (Knyaz Zvezdiq), Tofiq Kazımovun “Muradın kələkləri” (Məsxərəci) və Nəriman Həsənzadənin “Qoy bütün Şərq bilsin” (General Şıxlinski) dramlarının tamaşalarında çıxış etmisiniz. İlk səhnə fəaiyyətiniz burdan başlayır?

-Peşəkar bəli. İlk dəfə Sumqayıt teatrında oldum. Bir az da bəxtim gətirdi. Mən gələn kimi dərhal Nəriman Həsənzadənin “Nəriman” poeması var orda “Qoy bütün Şərq bilsin” tamaşasında General Şıxlınski rolunu verdilər. O vaxt gərək azı 5 il teatrda işləyərdin ki,  səni teatr cəmiyyətinə üzv edərdilər. Amma məni dərhal qəbul etdilər.

Həmin illərdə sizə daha çox kim dəstək verirdi?

-Mən o vaxt teatrın çox parlaq dövrünə düşdüm. Mənə Səməndər Rzayev, Hamlet Xanızadə, Mikayıl Mirzə , Şəfiqə Məmmədova çox dəstək veriblər.

Bəs siz  gənclərə necə dəstək olursunuz?

– İstedadlı gənclərə dəstək oluram. Hal-hazırda pyes hazırlamağa başlamışam – Eduardo De Filipponun “Silindir” əsəri. Dəstəyim gənclərə pyesdə rol verməkdən ibarətdir. Gücüm ancaq buna çatır.

İlk uğurunuz “Həzi Aslanov” rolu olub.  Bəs ilk uğursuzluğunuz?

Fikrə gedib və:

Hərçənd tamaşaçı sevib, qəbul edib. Amma mən uğursuz saydım, çünki mənim rolum deyildi. Məşhur əsər “Dodaqdan qəlbə”  televiziya tamaşasına baş rol, Kənan roluna çəkilmişdim.  Mən bunu həyatımın alınmayan rolu sayıram.

Amma teatrda çox olur belə hallar. Çox olur ürəyincə olmayan tamaşalar, amma imtina edə bilmirsən. Elə əsərlər, elə tamaşalar olub ki, baş əyəndə ürəyimdə “əziz tamaşaçılar bağışlayın belə bir zibili oynadıq sizin üçün” deyirəm.

Sonuncu dəfə nə vaxt oynamısınız belə bir rol?

-Sonra rolu da soruşacaqsınız? (gülür)

Sualımın Ramiz bəyi çaşdırdığını görüb zarafatyana yox onu soruşmaram cavabını verdim.

-5-6 il əvvəl olub belə. “Rəqabət” əsəri.

IMG_1976p

Aktyorluqla yanaşı həm də qələminizi sınamısınız.

Bu günə kimi mənim üç pyesim olub, ikisi tamaşaya qoyulub. Biri “20 yanvar” hadisələrindən danışır, digəri isə “Hələ sevirəm deməmişdilər” adlanır. Bu əsərdə Qarabağda “səni sevirəm” deyə bilmədən ölən gənclərdən danışılır.

Birinci hekayəm isə teatra gələndə çıxmışdı. “Şəkil” hekayəsi. Kənddən bir oğlan bir aktyorun vurğunudur. Gecə-gündüz onu görmək arzusuyla yaşayır. Gəlir bir gün tamaşasını izləmək üçün Bakıya. O səhnəyə çıxanda zalda hamıya o onu hamıdan çox sevdiyini demək istəyir. Tamaşadan sonra şəkil istəmək üçün aktyora yaxınlaşır. O aktyordan elə bir sifət görür ki, onda başa düşür bu aktyor onun illuziyasındakı adam deyil.

Bir müddət  sizi Azərbaycan televiziyasındayayımlanan “Mən Azərbaycanlıyam” verilişində aparıcı kimi izlədik. Bəs hazırda nələr edirsiniz?

– Hal-hazırda “Nadir şah” üzərində işləyirik. Yunus Oğuzun romanı əsasında. Film, serial çəkmək fikirimiz də var.  Rövşən İsaq iki serial çəkib, üçüncünü artıq tarixi mövzu etmək istəyir.

Söhbətimizin sonunda Ramiz bəy gənclərə öz tövsiyələrini verməyi də unutmur.

-Nə olursa olsun heç kəs peşəsinə barmaqarası kimi baxmasın. Daimi kamilliyə, əbədi ustalaşmağa can atsın. Və öz peşəsi xaricində baş verən məşiət hadisələrini ikinci dərəcəyə qoymağı bacarsın. Və hədəfi olsun. Bu sahədə mən nə etmək istəyirəm. Nə olmaq istəyirəm? Kim olmaq istəyirəm? Və kimə oxşamaq istəyirəm? Kimin zirvəsini fəth etmək istəyirəm? Bunlar əgər olsa hər şey alınacaq. Və qorxmamaq.

Sözü elə açmışkən bəs siz kimə oxşamaq istəyirdiniz?

– Cavan vaxtlarda “Spartak”ı oynayan aktyor Kirk Douglasa oxşamaq istəmişəm. Müəyyən dövrdən sonra artıq “Hannibal”ı oynayan aktyor Anthony Hopkinsə oxşamaq istəyirdim.

Azərbaycanlı aktyorlardan Yusif Vəliyev  mənim çox sevdiyim aktyordur. Çox böyük ustad aktyordur. Sadəcə nə yazıq ki, Azərbaycanda doğulub, təbliğ olunmayıb, tanınmayıb.

Hazırladı: Əsli Axundova

Foto: Cavid Mehdiyev

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.