İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Qərar dərmanların qiymətinə çox təsir etməyəcək”

derman1“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar olaraq, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək.

Bu barədə GSR.fm-ə müsahibə verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu qərar qiymətlərə ciddi təsir etməyəcək:

“Çox təəssüflər olsun ki, Dövlət dili haqqında qanun və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun hələlik öz praktik nəticəsi tapmır. Çünki bu qanunlarda yazılıb ki, ölkədə istifadə olunan bütün mallar, o cümlədən texniki mallar, ərzaqlar və s. hamısı milli dildə markalanmalıdır, o cümlədən də dərmanların içlikləri milli dildə olmalıdır. Çünki istehsalçının milli dildə mal almaq hüququ var. Deyə bilərəm ki, 20%-ə yaxın dərmanların içlikləri hələ də xarici dildədir”.

Eyyub bəy qeyd edib ki, Azərbaycandakı nümayəndəliklər xarici şirkətlərlə müqavilə bağlayanda gərək bu şərti qoysunlar və tərcümə üçün lazım olan köməkliyi etsinlər:

“Müqavilə şərtlərində bu qeyd olunmur, ona görə də bu şirkətlər xarici dildə də bu malları göndərirlər. Ola bilsin ki, yerli bazarda həmin dərmanlara alternativ olmasın, lakin bu qərarın dərmanların qiymətinə çox təsiri olmayacaq, çünki bu tərcümələrin xərci təxmini 1 qəpikdir. Düşünürəm ki, yerli şirkətlər bu məsələni həll edəcəklər. Hansısa dərman qıtlığı olacağını düşünmürəm, fikrimcə şirkətlər bu işi yaxın zamanda həll edəcəklər”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.