Aktual

“Satirik jurnalların sayı azdır…”

Sərgiyə tamaşa edənlər arasında əməkdar artist Sevda Ələkbərzadə də var idi. Karikaturaya marağı olduğunu deyən müğənni bu sənəti haqqında fikirlərini bizimlə bölüşür.

Sevda Ələkbərzadə:

Burada gözəl əl qabiliyyətindən əlavə, sənin fikirlərin çox vacibdir. Və bu fikirləri nə dərəcədə sən insanlara nazik yumorla çatdıra bilərsən.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə Azərbaycanda bu müsabiqənin təşkilini  karikatura sənətinin uğuru kimi dəyərləndirir. Karikaturaçı rəssamların sayının azlığını isə təəssüflə qeyd edən Birliyin sədri bunun bütün dövrlərdə və əksər yerlərdə belə olduğunu deyir.

Bayram Hacızadə:

Karikatura mürəkkəb sahədir. Min boyakar rəssamla müqayisədə karikaturaçı rəssamlarımızın sayı 15 və ya 20 nəfər həddini aşmayıb. Karikatura tək rəssamlıqla bitmir. Karikatura jurnalistikadır, karikatura intellektdir, karikatura müasirlikdir. Yəni, hansısa bu və ya digər sahəyə tez reaksiya vermək bacarığıdır.

Karikaturanın inkişafı üçün bir neçə addımların atıldığını bildirən Bayram Hacızadə Azərbaycanda Mədəniyyət və İncəsənət Universitetində karikaturanın ayrıca fənn kimi tədrisinin, eyni zamanda 2006-cı ildə Azərbaycan Rəssamlar İttifaqında karikatura bölməsinin yaradılmasının bu janrın inkişafına təkan olduğunu nəzərə çatdırır. Buna baxmayaraq o, jurnal nəşri sahəsində vəziyyətin o qədər yaxşı olmadığını və “Molla Nəsrəddin”, “Kirpi” ənənələrinin bu gün istənilən səviyyədə qorunub, saxlanmadığını vurğulayır.

 Bayram Hacızadə:

Tək Azərbaycanda yox, istənilən Avropa ölkələrində bu problem yaşanır. Satirik jurnalların sayı azalıb, mətbuatda karikaturaya yer az verilir, Karikaturaçı rəssamların maddi durumu aşağıdır. Müasirlik, kompüter, İnternet, televiziya karikaturanı müəyyən mənada sıxışdırıb. Amma hər bir halda bu janr yaşayır.

Beynəlxalq Karikatura müsabiqəsində “Tikanlı qələm” əsərinə görə mükafat alan azərbaycanlı rəssam Bayram Qasımxanlı da bildirir ki, müasir dövrdə karikatura inkişaf etsə də, bu inkişafı sürətləndirmək üçün stimulun olması önəmlidir.

Bayram Qasımxanlı:

Haradasa maraqlandırmaq lazımdır rəssamları. Ya maddi tərəfdən, ya mənəvi tərəfdən. Çünki karikaturadan pul qazanmaq olmur. Ona görə də rəssamları cəlb etmək üçün bir az maddi maraq da olsun. Sponsor lazımdır buna, sponsorlar yaxın gəlmirlər biz tərəfə.

30 ildir ki, karikatura sahəsində çalışan, “Kirpi” satira-yumor jurnalının baş rəssamı Hafiz Nəsiroğlu əvvəlki dövrlə müqayisədə Azərbaycanda karikatura sənətinin inkişaf etdiyini və gənc karikaturaçıların ortaya çıxdığını diqqətə çatdırır. O, karikaturaçı rəssamların inkişafı üçün jurnal nəşrinin vacibliyini qeyd edir.

Hafiz Nəsiroğlu:

Ancaq mən istəyərdim ki, bu təkcə “Kirpi” jurnalına bağlı olmasın. Bizim dərgilərimiz də “Kirpi” jurnalından bəlkə bir iki dərgi də, söhbət ondan getmir qəzetlər də var, ancaq təmiz, şəffaf, duyğulu, insanlara xidmət edən belə bir dərgi olsa, biz orada iştirak edib, sənətimizi inkişaf etdirərdik.

Hazırda dərc olunan “Kirpi” jurnalından danışan baş rəssam bu jurnalın istər əvvəlki, istər də indiki dövrdə ictimai, siyasi, daxili problemlərin insanlara göstərilməsində böyük rol oynadığını nəzərə çatdırır.

Qeyd edək ki, “Kirpi” satira-yumor jurnalı 1952-ci ildən nəşr olunur. Jurnal 1990-cı ilə qədər ayda 2 dəfə, həmin ildən bu günə kimi isə ayda bir dəfə buraxılır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.