Aktual

“Sürünmək üçün yox, uçmaq üçün yaranmışıq”

“Çox insanlar var ki, sürünmək üçün yox uçmaq üçün yaranıblar mən də özümü uçmaq üçün yarananlardan hesab edirəm. Eyni zamanda gənc alimlərin hər birisini”…

Bu sözlər 30 yaşlı gənc alim Eşqanə Babayevaya aiddir. 8 ildir ailəli olan Eşqanə xanımın 2 övladı da var.  Nizami adına Ədəbiyyat İnstitunda çalışdığını, eyni zamanda doktorluq üzrə disentatura təhsilini davam etdirdiyini söyləyən Eşqanə  xanım bir çox gənc alim kimi onun da problemlərinin olduğunu bildirir. Hazırda ailəsi ilə birlikdə Neftçilər metrosunun yaxınlığında 1 otaqlı mənzildə kirayə yaşadıqlarını deyən bu gənc xanım çətinliklə də olsa bizə həyat şəraitinin ağır olmasından danışır.

Eşqanə Babayeva ilə müsahibə zamanı

 Eşqanə Babayeva:

–          Problem görün nə qədər böyükdür ki biz durub bu adi məişət məslələrini gündəmə gətiririk. Bunun da bir səbəbi odur ki, insan təkcə ruhdan yaranmayıb insanın bir tərəfi yenə də maddidir. Ona görə də maddiyat olmadan insanın inkişaf etməsi mümkün deyil. Bir də onu nəzərə alaq ki, axı bu gənc alim tək deyil. Onun ailəsi var övladı var. Tək olsa hə özünü tamamilə fəda eləsin.  

 

Bu problemləri dilə gətirməyin bir alimə, elm adamına yaraşmadığını bildirən Eşqanə xanım bizə nə qədər maaş aldığını söyləmək istəmir. Amma deyir ki, bu vəziyyətdə düşünmək, yazmaq, fəaliyyət göstərmək doğurdan da imkansızdır.

Eşqanə Babayeva:

–          Həddindən artıq çox azdır maaş və heç bir-birini ödəməyəcək səviyyədədir. Bu məbləği dilə gətirə bilmirəm, hətta adamın gülməyi də gəlir. Çox azdır. Ona görə də çətinlik çəkirik. Məsələn maaş 200 manat amma xərclər 350 manat təşkil edirsə indi görün insan nə vəziyyətdə qalır.

Eşqanənin həyat yoldaşı da alimlik fəaliyyəti ilə məşğul olur. Dediyinə görə, o, hazırda Əlyazmalar İnsitutunda dokturantura təhsili alır və onun təqaüdü cəmi 100 manatdır. Eşqanə xanım həyat yoldaşının məsuliyyətinin daha çox olduğunu, bu səbəbdən də vaxt tapdıqca repititorluq və başqa işlərlə məşğul olmaq məcburiyyətində qaldığını söyləyir.

Eşqanə Babayeva:

–          Nəyə görə məsələn bir alim daha çox pul qazanmaq üçün, özünü daha çox təmin etmək üçün 4-5 yerdə işləməlidir. Yəni biri var ki, sənin təminatın var, həyatında hər şey gözəldir, hər şey qaydasındadır, sən elmlə məşğul olursan, amma biri də var ki, bunların heç biri yoxdur, istər-istəməz sənin beynin daha böyük şeylər yaratmaqdan çox məişət xırdalıqlarına enir. Bu zaman da elmə, alimə yazıq olur.

Bir müddət keçdikdən sonra bu cür həyat şəraitinə davam gətirə bilməyib elmdən ayrılan gənc alimlərin az olmadığını qeyd edən Eşqanə xanım bütün bu çətinliklərə baxmayaraq elmi və ədəbiyyatı çox sevdiyini deyir. Deyir ki, onu elmə bağlayan da elə bu sevgidir.

Eşqanə Babayeva:

–       Çox sevdiyim bir işlə məşğulam. Bundan sonra da istiyərəm şərəflə bu işimi davam etdirim. Ölkəmi hər yerdə təmsil edim. Və heç də peşman deyiləm bu sahədə olduğuma görə. Bu xırdalıqlar da məni qorxutmur. Sadəcə olaraq bir problemdir və düşünürəm ki, bu məsələyə gec-tez baxacaqlar. Buna çox ümid bəsləyirəm.

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, gənc alimlərin mənzil məsələsinin həll olunması üçün Nazirlər Kabinetinin qərarı var, amma bu qərar icra olunmur.

Natiq Cəfərli:

–        Qərar var ki, gənc alimlərə ev tikilsin. Sadəcə olaraq bunun nə maliyyəsi məlum deyil, nə də ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən buna yer ayrılmayıb. Bu iki məsələ həll olunmasa bu qərarın elə bir ciddi əhəmiyyəti yoxdur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə gənc alimlərin problemlərinin 2013-cü ildə öz həllini tapacağını fikrindədir.

Musa Quliyev:

–       Alimlərlə bağlı “Elm siyasəti” haqqında qanun yaz sessiyasında müzakirəyə çıxarılacaq. Qanunda heç şübhəsiz ki, gənc alimlərin sosial müdafiəsi ilə bağlı xüsusi müddəalar olacaq. O cümlədən onların mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görüləcək.   

Büdcə məsələləri üzrə ekspert Zöhrab İsmayıl isə alimlərin 2013-cü ildə də maddi sosial vəziyyətini dəyişəcəyinə inanmır. O, bildirir ki, büdcədə alimlərin sosial durumları yox, onların apardığı tədiqiqat işləri üçün vəsait nəzərdə tutulub.

Zöhrab İsmayıl:

–       2013-cü ilin dövlət büdcəsində  belə bir məsələ nəzərdə tutulmayıb. Gənc alimlərin mənzil təminatı ilə bağlı xüsusi bir vəsait ayrılmayıb. Bir də gənc alimlər üçün maraqlı ola biləcək elmi inkişaf fondudur.  Hansı ki, tədqiqat işləri üçün qrandlar nəzərdə tutur, amma təəssüf ki, şəffaf deyil onların qiymətləndirməsi, nəyə üstünlük verirlər bu da aydın deyil.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.