Aktual

Şuşasız şuşalıların “Şuşa”sı

“Koroğlu” metrostansiyasından mindiyimiz 214 saylı avtobus Ramana qəsəbəsinin axırında son dayanacağında dayanır.

Bura “Yeni Şuşa” dır. Rəsmi olaraq “Ramana 450” adlansa da 2007-ci ildə Zaqulba sanatoriyasında müvvəqqəti məskunlaşmış şuşalıları bu əraziyə köçürdükləri üçün əhali buranı şərti olaraq “Yeni Şuşa” adlandırır.

Yeni Şuşada cəmi 450 ev var. Bir – birinin eyni olan, üstü həbsxana qapısı kimi nömrəli evlər.

Şəhərcikdə avtobusdan enib, yolu piyada irəliləyirik. Tozlu, asvalt küçədə qarşımıza velosiped sürən doqquz yaşlı Eldəniz çıxır. Ondan “Şuşadansanmı?” soruşuram, “Bəli” deyir, “Buramı ya oramı ?” Qəribə səslənən sualıma uşaq da çaşıb qalır.

Sonra digər uşaqlar da ətrafımıza toplaşırlar. “Şuşa haqqında nə bilirsiniz?” sualımızın cavabı isə səthi olur.

Deyirlər, min dəfə eşitməkdənsə bir dəfə görmək lazımdır. Onlar isə milyon dəfə eşidib, bircə dəfə Şuşa üzü görməyənlərdir.

– Salam, sənin adın nədir ?
– Fidan
–  Şuşa haqqında sənə nə danışıblar, necə bilirsən ?
–  Danışıblar ki, gözəl yerlərdir Şuşa. Meşələri olub çoxlu, bulaqları, dağları, Topxana meşəsi olub. İndi oranı yandırıblar.
–  Sən ora getmək istəyirsən ?
–  Bəli.
–  Sənin üçün nə maraqlıdır orada ?
–  Oranın dağları maraqlıdır.

Uşaqların ümidləri gələcəyədir, böyüyəndə polis ya da hərbiçi olmağı arzulayırlar. Deyirlər ki, bəlkə onda nəisə dəyişdirə bildilər.

– Əsgər olub, Qarabağımıza dönmək istəyirəm
– Polis
– Əsgər olmaq istəyirəm
–  Polis olmaq…
– Mən də polis olmaq…
– Mən əsgər olub, gedib Şuşamızı erməninin əlindən almaq istəyirəm.
– Mən də polis olmaq istəyirəm.
– Mən də polis olmaq istəyirəm.

Ağsaqqal, ağbirçəklər isə ümumiyyətlə bura Şuşa deyə bilmirlər.  Buranı rəsmi qeydiyyat adıyla “Ramana 450” məcburi köçkün düşərgəsi adlandırırlar.

–  Burada o vaxt elə-belə dedilər Şuşa qəsəbəsi, amma Şuşa qəsəbəsi ola bilməz. Şuşanı ikinci bir yerdə salmaq olmaz. Bir Şuşalı kimi mən heç vaxt razı ola bilmərəm ki, Şuşanı burda salaq. Burda iki milyon dənə də bizə belə ev tiksələr Şuşanın bir dənə elə – belə alaçığının yerini verə bilməz.

Müzəffər dayı deyir ki, bu şəhərcikdə orta məktəb, musiqi məktəbi, kitabxana, ambulator xəstəxana, mədəniyyət evi, kafe, mağazalar var.

–  Yeganə bu qəsəbədir ki, bunun bütün şəraiti var. Lakin bunların heç biri burada yaşayan, içi mən qarışıqlı, yəni, mən belə hesab edirəm ki,  heç kəsin ürəyincə deyil ona görə ki, Şuşa lazımdır bizə. Biz Şuşasız günlərimizi gün saymırıq, yaşamımızı, yaşam saymırıq.     

Müzəffər dayıdan ayrılıb “Şuşa”- nın küçələrini gəzməyə başlayırıq. Elə sakinlər var ki, özlərinəməxsus rayon abu-havasını, vərdiş etdikləri həyatı burada da yaratmağa cəhd edir. Bəzi həyətlərdən toyuq-cücə, mal-qara səsi eşidilsə də, bəzi həyətlər şəhər həyatına demək olar ki, tam uyğunlaşıb.

Gəldiyimiz tozlu yollarla bizi gətirən eyni avtobusa minərək geri qayıdırıq. Yola salanlar da elə bizi qarşılayan Şuşanı heç vaxt görməyən “Şuşa”lı uşaqlar olur.

Hazırladı:
Nuranə Rəhimova
Əjdər Hüseynov 

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: ventolin no prescription

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.