Müsahibə, Sosial, ZZ-Manşet

“Zəif əsər nümunələri ilə ehtiyatlı olmaq lazımdır”

zaman kecdikce tenqid ciddilesir“Əsl tənqidçini oxucular təyin edir. Mənim şəxsi fikrimə  görə tənqidçi o deyil ki, meydana çıxan bütün yeni əsərlər haqqında fikir bildirsin, tənqiddə seçim çox vacibdir”.

Bu sözləri GSR.fm-də yayımlanan “Radio Kitab” verilişində ədəbi tənqidçi Cavanşir Yusifli əsl tənqidçinin meyyarlarından danışarkən deyib. Onun sözlərinə görə tənqiddə qızıl orta o zaman müəyyən olunur ki, tənqidçi əsərin müəllifinə qarşı hislərini kənara qoysun:

“Ədəbi prosesin məhsulları  içərisində çoxlu sayda zəif əsərlər mövcuddur. Zəif əsər nümunələri ilə ehtiyatlı olmaq lazımdır, çünki burada meyyar məsələsi var. Elə əsər var ki, tənqidə gəlmir. Yəni, hələ tənqid bunun haqqında fikir söyləməməlidir. Onu da qeyd edim ki, tənqidi bir az da  gözdən salan onun adıdır. Burada xatırlamaq lazımdır ki, “sən məhkəmədə deyilsən, hökm vermirsən”. Əsəri tənqid edən zaman əsərin bədii təfəkkürün bütün normalara cavab verməsinə diqqət yetirmək lazımdır. Əgər əsər bu kimi meyyarlara cavab vermirsə, onun haqqında susmaq daha yaxşıdır. Təəssüf ki, bizim ədəbi tənqiddə belə hallara çox rast gəlinir. Məsələn, bir roman meydana gəlir,  tutaq ki, bu romanın müəllifi də çox tanınmış yazardır. Tənqidçi bunu tanımazlıqdan gəlməlidir. Baxmayaraq ki, yazar bundan əvvəlki, əsərlərini çox gözəl, qüsursuz yaradıb, tənqidçi yeni əsərə sıfırdan yanaşmalıdır. Tənqiddə qızıl orta odur ki, əsər haqqında şəxsi fikirlərini, əsəri və müəllifini qarışdırmadan danışırsan. Əsər haqqında danışmazdan əvvəl onun nəyə görə seçilməsi əsaslandırılmalıdır və əsər elə təhlil olunmalıdır ki, onu həm adi  oxucular, həm də mürəkkəb terminlərlə işləyən alimlər rahat başa düşsün. Tənqidin dili elə olmalıdır ki, əsərin bəhs etdiyi məsələlərə   uyğun olsun. Əsərdə olmayan şeyləri mərkəzə qoymaq, özünün bildiyi nəticələr ortaya qoymaq lazım deyil. Nə varsa, onu ortaya qoymaq lazımdır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.